Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam rayonunda müəllim ailəsində anadan olmuşdur.
Bakı Dövlət Universitetın rektoru (1999). AMEA-nın həqiqi üzvü kimya elmlər bölməsi, neft kimyası ixtisası üzrə (2007). Kimya elmlər bölməsinin büro üzvüdür (2007).
1966-cı ildə orta məktəbi medalla bitirmiş və Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmişdir.
1973-cü ildə «Üzvi kimya» ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına qəbul olunmuş və 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə «İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenilxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1976-cı ildən BDU-da böyük elmi işçi, tədris hissəsinin müdiri və «Üzvi kimya» kafedrasında baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1984-cü ildən 1993-cü ilədək kimya fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
1991-ci ildə «Alkenlərin, üçüzvlü karbo- və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildən ona «Üzvi kimya» ixtisası üzrə professor adı verilmişdir.
1993-cü ildən 1999-cu ilədək Kimya fakültəsinin dekanı vəzifəsində işləmişdir.
1999-ci ildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur олунмушдур və həmin ildə “Yusif Məmmədəliyev adına medal” la təltif edilmişdir.
Akademik A.M.Məhərrəmovun elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, kimyanın müxtəlif maraqlı və mürəkkəb sahələrini əhatə edir.
Elmi-tədqiqatlarının ən əsas nailiyyətlərindən biri «dopinq-birləşmə» adı ilə zərif üzvi sintez sahəsində məşhurlaşmış elektrofil birləşmə reaksiyalarının /AdE/ yeni sintetik istiqamətlərinin müəyyən edilməsi olmuşdur. Belə ki, o müəyyən etmişdir ki, qüvvətli elektrolitlərdən və onlara uyğun polyar həlledicilərdən istifadə etməklə /AdE/ reaksiyaların istiqamətini kəskin dəyişmək mümkündür. Apardığı məqsədyönlü elmi-tədqiqat işlərinin nəticəsi olaraq müəyyən edilmişdir ki, müxtəlif əvəzli tiiranlar və oksiranlar «dopinq-şəraitində» bir mərhələdə uyğun ditiiranlar və dioksiranlara çevrilirlər və bu elmi uğurun müasir üzvü kimya və neft kimyasının inkişafında xüsusi əhəmiyyəti vardır.
İlk dəfə olaraq 12 üzvlü tsikllərin konformasiyon analizi araşdırılmışdır. Bu məqsədlə, əvvəlcə o, nəzəri olaraq Kremer-Popla parametrlərinə əsasən kvant mexaniki hesablamalar aparmış, sonra isə 12 üzvlü tsikllərin doymuş və doymamış törəmələrini sintez edərək, rentgen-struktur analizi vasitəsilə onların molekulyar və kristallik quruluşlarını öyrənmişdir.
Müxtəlif əvəzolunmuş oksiranların litium perxlorat iştirakında flüor [triflüormetan sulfoniloksi–l3 –yodanil] benzolla reaksiyası öyrənilərək, oksiran tsiklindəki əvəzləyicilərin alınmış izomerlərin reqioistiqamətinə təsiri müəyyənləşdirilmişdir.
Tiokarbamidin müxtəlif aldehidlərlə ammonyak iştirakında üçkomponentli sistemdə kondensləşməsindən 2,6-dialkil(diaril)heksahidro-1,3,5-triazin-4-tionların sintez üsulu işlənib hazırlanmışdır. Model reaksiyalarda ingibitorlaşmanın stexiometriya əmsalı (f), onun sürət sabiti (k7) və həmçinin kumolhidroperoksidin katalitik parçalanmasını xarakterizə edən katalitik faktor (n) və onun sürət sabiti (k) müəyyən edilmişdir. Sintez edilmiş 2,6-dialkil(diaril)-heksahidro-1,3,5-triazinlərin quruluşu ilə antioksidləşdirici xassə arasında əlaqə müəyyənləşdirilmişdir.
Üçüzvlü heferotsikllərin sintezi və onların elektrofil və nukleofil reagenlərlə qarşılıqlı reaksiyaları tədqiq edilmişdir. İlk dəfə olaraq tərkibində çoxflüorlu tiiranlar alınmışdır. Tiiranların «dopinq» şəraitində dimerləşməsi nəticəsində 2,5-əvəzliditiiranların sintez üsulu işlənib hazırlanmışdır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, sintez edilmiş tiiranlar və onların çoxflüorlu törəmələri transmissiya yağının yeyilmə və siyrilmə xassələrini yaxşılaşdırır.
Akademik A.M.Məhərrəmovun rəhbərliyi altında hidrogen peroksidin parçalanması və substartın oksidləşməsi kimi sinxron qarşılıqlı təsirdə olan reaksiyalardan ibarət heteroaromatik birləşmələrin heterogen istiqamətdə monooksidləşməsinin reaksiya sistemi təcrübi yolla işlənib hazırlanmış və nəzəri əsaslandırılmışdır. Nəticədə tiofenin törəməsi olan S-monooksidin alınması, ayrılması və ideentifikasiya problemi həll olunmuşdur.
A.M.Məhərrəmov tərəfindən müəyyən edilmişdir ki, karbon turşularının hidroksil qrupu saxlayan birləşmələrlə termiki efirləşməsi mürəkkəb efirlərin və onların funksionaləvəzli törəmələrinin sintezi üçün bir sıra hallarda effektiv və səmərəli metod sayıla bilər.
Butilkauçukun (BK), poliizobutilenin (PİB), polibutadienin, poliviniltrimetilsilanın (PVTMS) xlorlaşma, fosforxlorlaşma və xlorkarboksilləşməsinin effektiv üsulları işlənib hazırlanmışdır. Alınan yüksək xlorlu, xlorkarboksil və fosforxlorlu polimerlər rezin qarışıqların tərkibində, superfosfat istehsalında, neftin ayrılmasında və həmçinin ağır metalların sorbsiyasında geniş tətbiq edilir.
Akademik A.M.Məhərrəmov neft kimyası sahəsində mühüm tədqiqat işləri aparır. Onun rəhbərliyi altında alkenilfenolların yeni funksionaləvəzli törəmələrinin sintezi istiqamətində sistematik tədqiqat işləri həyata keçirilir.
BDU-da nanohissəciklərin alınması və onların müasir tələblər səviyyəsində tətbiqi sayəsində ciddi elmi tədqiqatlar aparan «Nanoaraşdırmalar mərkəzi» təşkil etmiş və onun elmi rəhbəridir. Neftçıxarma problemləri ilə əlaqədar apardığı elmi işlər xüsusilə diqqətəlayiqdir. Mərkəzdə öz supermaqnetik xassələri və qiqant maqnit müqaviməti ilə fərqlənən polimer nanokompozisiyalar, katalitik xassələrə malik müxtəlif metal nanohissəciklər əldə edilmiş və onların əsasında yeni bentonit nanokompozisiyalar yaradılmışdır. Bu materialların tətbiq edilməsi ilə laylararası neftin sıxışdırılıb çıxarılması gücləndirilmişdir.
1998-ci ildən Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurasının üzvüdür.
2000-ci ildən «Üzvi kimya» ixtisası üzrə BDU-nun nəzdində yaradılmış doktorluq və namizədlik Dissertasiya Şurasının sədridir.
2000-ci ildə ona «Əməkdar elm xadimi» fəxri adı verilmişdir.
Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə 10 iyun 2000-ci ildə Tehranda keçirilən İqtisadı Əməkdaşlıq Təşkilatının Qızıl medalına layiq görülmüşdür.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
2002-ci ildə Bakı Dövlət Universiteti «Üzvi kimya» kafedrasının müdiri vəzifəsinə seçilmiş və onun rəhbərliyi altında «Zərif üzvi sintez» elmi-tədqiqat laboratoriyası təşkil olunmuşdur. Bütünlükdə elmin inkişafına xüsusi önəm verən şəxsi təşəbbüsü ilə BDU Elmi kitabxanası kompyuterləşdirilmiş, elektron kataloq sistemi yaradılmış, «Bakı Universiteti» nəşriyyatı yenidən qurularaq müasir avadanlıqlarla təchiz olunmuşdur. İlk dəfə olaraq universitetdə bütün Zaqafqaziyada analoqu olmayan NMR spektroskopiya laboratoriyası yaradılmış, xromato-kütlə spektroskopiya və rentgenstruktur analiz laboratoriyası təşkil olunmuşdur. Bu elmi sahələrdə nəzəri bilikləri qüvvətləndirmək üçün A.M.Məhərrəmov tərəfindən ilk dəfə Azərbaycan dilində ali məktəb tələbələri üçün «Nüvə maqnit rezonansı spektroskopiyasında müasir metodlar» adlı dəyərli dərslik yazılmışdır.
2002-2004-cü illərdə Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti olmuş, 2004-cü ildən isə vitse-prezidentidir.
A.M.Məhərrəmov elm və təhsil sahəsində göstərdiyi təşəbbüskarlığa, milli təhsilin inkişafı və beynəlxalq təhsil məkanında inteqrasiya proseslərinə verdiyi töhfələrə görə 2004-cü ildə Rumıniyanın «KOMANDOR» dərəcəli ali Qızıl Ulduz Ordeninə layiq görülmüşdür.
2004-cü ildə Türkiyə Respublikası Kırıkkale Universitetinin “Fəxri doktoru” adı verilmişdir.
2005-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin üçüncü çağırışının millət vəkili və Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə iş qrupunun rəhbəri olmuşdur.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir və həmin ildə “Qızıl Buta” mükafatına layiq görülmüşdür.
14 iyun 2008-ci ildə Rumıniya Respublikasının Ovidius Universitetinin «Fəxri doktoru» adı verilmişdir.
2008-ci ildə Gürcüstan Kimya Cəmiyyətinin fəxri üzvü seçilmişdir.
2009-ci ildən Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.
2009-ci ildə Rusiyanın həmkarlar ittifaqının 100 illiyinə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-ci ildə «Şöhrət» ordeni ilə təltif edilmişdir.
2010-ci ildən Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvüdür.
2010-ci ildə “Avrasiya əməkdaşlığı üçün göstərdiyi xidmətlərə görə” Avrasiya universitetlər assosiasiyasının medalı ilə təltif edilmişdir və həmin ildə Azərbaycan həmkarlar ittifaqında xidmətlərinə görə medalı ilə təltif olunmuşdur.
5 may 2010-ci ildə Kazaxstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin “Fəxri doktoru” adı verilmişdir.
17 may 2010-ci ildə Krım Mühəndis Pedaqoji Universitetinin “Fəxri professoru” adı verilmişdir.
2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü çağırışının millət vəkili seçilmişdir.
A.M.Məhərrəmov dəfələrlə bir sıra beynəlxalq elmi konfranslarda və simpoziumlarda, o cümlədən ABŞ, Türkiyə, Yaponiya, İtaliya, Rusiya, İran, Bolqarıstan Macarıstan və s. ölkələrdə məruzələrlə çıxış etmişdir.
Azərbaycanda və xaricdə nəşr olunmuş 1000-ə yaxın elmi əsərin müəllifidir. Bura 48 patent, 9 monoqrafiya, 44 dərslik və dərs vəsaiti, o cümlədən Azərbaycan dilində ilk dəfə nəşr olunmuş “Kiçik kimya ensiklopediyası” daxildir.Onun əsas elmi naliyyətlərinin nəşri öz əksini Tetrahedron, Sulfur Lett., Synth. Comunn., The Journal of American Science, Indian Journal of Chemistry, JOrX, XQS, İzv. RAN və s. kimi nüfuzlu jurnallarda tapmışdır.
Rəhbərliyi altında 32 kimya elmləri doktoru və namizədi hazırlanmışdır.
ABŞ, Rusiya, Rumıniya, Ukrayna, Türkiyə və s. ölkələrin aparıcı elmi mərkəzlərində çalışan alimlərlə sıx elmi əlaqələr saxlayır. O, həmçinin BDU-da təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük diqqət yetirir və elmin inkişafına çalışır.
BDU-nun Elmi Şurasının sədri, BDU-nun «Elmi Xəbərlər» jurnalının baş redaktoru, Təhsil Nazirliyi kollegiyasının, bir çox nüfuzlu elmi qurumların üzvü və dünyanın bir neçə aparıcı universitetinin fəxri doktorudur.
Ailəlidir, iki övladı və dörd nəvəsi var.
Məzun günümüz...
BDU-nun zahiri gözəlliyindən...
Yay sessiyası başladı!
«Bakı Universiteti» nəşriyyatı fəaliyyəti...
BDU-da fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj...