Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır

Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə dəyərlərin uşaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, fərdin ilk təhsil və tərbiyəsini aldığı nüvə təşkilat, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühitdir.

Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin bir nüvəsi isə, deməli, əvvəlcə təmiz cəmiyyətin toxumları da burada atılacaq. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır.
Bu gün Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər əxlaqi fəzilətlərdə böyük dəyərlərin itirilməsinə səbəb olmuşdur. Bu zərərin nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya millətlərinin bəziləri artıq ailə institutunu bir variant olaraq deyil, bir investisiya vasitəsi kimi qəbul etməyə başlamışlar. Qlobal ölçüdə ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi bir qisim faktlar ailə həyatının təməlini təsir altına almışdır. Demoqrafik problemin Qərbdə ümumi bir problem olduğu, elmin isə ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda məlumat verə bilmədiyi danılmaz faktdır. Bu gün uzunömürlu, sağlam ailə modulu hazırlaya bilməyən, gender məsələsini “ çözərək” qadınlarını kariyerist edən Avropa, indi onları ailəyə bağlamaqda çətinlik çəkir. Qloballaşma şəraitində, inkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da Şərqə, xüsusilə müsəlıman-türk dövlətlərinə inteqrasiyası zəruridir. Qərbin sağlam ailə sistemi yaratması üçün Şərq xalqlarının, türkdilli millətlərin, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaqi normalarını mənimsəməsi və tətbiq etməsi labüddür. Çünki müsəlman-türk cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır. Şəxsi azadlıqdan, individuallıqdan imtina edib başqasının xoşbəxtliyini hədəfləməyə yönəlir. Ailə təməlinin xilası da budur: başqalarını özündən çox sevmək və sevdiklərini özündən çox düşünmək...
Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək” və dağılmaq təhlükəsi də az olar. Bəs ailə qurarkən hansı şərtlər önəmlidir?
Ailə sevgi üzərində qurulmalıdır. Fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır. Nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməlidir. Sosial statusları, iqtisadi durumları uyğun olmalıdır və s.
Fikrimizcə, iki şəxs ayrı-ayrı yaşaya bilmədiklərini dərk etdikdə nikaha girməli, birgə yaşamalıdırlar. Sevgi zamansız və plansız olduğu üçün hər kəsin ailə həyatı sevgi üzərində qurulmur. Lakin birgəyaşayış dövründə rəğbət və böyük hörmət hissi bütünləşərək sevgiyə çevrilir. Uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və sayğının mövcud olması mütləqdir! Bəzən sevgi ilə cazibə, ehtiras hisslərini ayırd edə bilməyən gənclərin nikahının ömrü qısa olur.
Ailə qurmaq da, dağıtmaq da asandır, lakin onu həyatın sınaqlarından keçirib yaşatmaq çətin və şərəfli vəzifədir. İnsan həyatının mühüm mərhələlərindən olan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi məsuliyyət tələb edir. Ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Bu vəziyyətdə ən böyük acını uşaqlar çəkir. Eqoizm və fərdi xoşbəxtlik hissinin ümumi mənafedən üstün tutulması boşanmaya səbəb olan mənəvi xəstəliklərdən biridir. Başqalarının fikirini heçə saymaq, hər zaman “mən” demək “biz” anlayışını pozar. Qarşısındakını xoşbəxt edən şeylərə qadağa qoymaq, inamsızlıq insanı yalqızlaşdırar. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bəzən müasir görünüşlü, lakin “Məşədi İbad təfəkkürlü” gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaraq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda sənətini, peşəsini qəbul etmir. Onu “tükəzban”lığa məhkum edir. Ailə qurduqdan sonra gənclərdə belə simptomların yaranmaması üçün tərəflərin dünyagörüşündə ümumilik, demokratik düşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır.
Qloballaşma dövründə beyinlərinə Qərb tendensiyasının yeridiyi şəxslər bir şeyi unutmamalıdırlar ki, insan həm də sosial varlıqdır. Onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir.
Azərbaycan ailəsində də kişi başçı, ailənin iqtisadi dayağıdır. O, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Lakin məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür. “Yuvanı dişi quş qurur” fikri də buradan qaynaqlana bilər. Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti - güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir.
Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi bəlkə də dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Zənnimizcə, Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur.
Ailənin yaşaması üçün iqtisadi dayaq önəmli olsa da, təkcə pul, mövqe, gözəllik, şöhrət kimi amillər onun varlığı üçün kifayət etməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir.
Qeyd etdiyim kimi, ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.
Ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki, təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və bu nisbətdə qat-qat çoxdur. Düzdür, ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməlidir. Beləliklə, o, bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat quracaq gəncləri maarifləndirmiş ola bilər.

Leyla MƏMMƏDOVA,
BDU-nun Jurnalistika fakültəsinin əməkdaşı, doktorant

06 Fevral 2015-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!