15 noyabr 1919-cu il... BDU-da ilk dərs günü

Azərbaycan təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyəti  Parlamenti tərəfindən təsis edilib. Hələ 1871-ci ildə çar II Aleksandr Tiflisdə olarkən şəhər idarəsi burada bütün xərcləri özləri tərəfindən ödənilməklə universitet açılması xahişi ilə ona müraciət etsə də, bu xahiş yerinə yetirilməmişdi.

Rusiyada 1917-ci il Fevral inqilabından sonra yarananmüvəqqəti hökumətin maarif naziri S.F.Oldenburq Tiflis şəhər dumasına məktub-teleqram göndərərək xahiş edir ki, Cənubi Qafqazda açılması  nəzərdə tutulan yeganə ali məktəbin - Tiflis «rus universitetinin» layihə və smetasını qısa zamanda hazırlayıb hökumətin müzakirəsinə təqdim etsinlər. Bu, əslində çar bürokratiyasının   müstəmləkə   əsarəti   altında   olan   xalqlara   qarşı   yeritdiyi siyasətin, xüsusən maarif və mədəniyyət sahəsindəki siyasətin əsaslı şəkildə tənəzzülü demək idi. Tiflisdə «rus universiteti»ni açmaq üçün yerli ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya görkəmli alim və cərrah, pedaqoq, üç universitetin - Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor V.İ.Razumovski başçılıq edir. Sonrakı hadisələri V.İ.Razumovski belə xatırlayır:

«...İşimiz qurtarana yaxın Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarif naziri Bakılı Xan Xoyski (1917-ci il noyabrın 15-də Tiflisdə E.P.Gegeçqorinin başçılığı ilə yaradılan Zaqafqaziya Komissarlığında maarif komissarı olmuş Fətəli xan Xoyski nəzərdə tutulur) idi. Biz Tiflisdə «rus universiteti»nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir (Xan Xoyski) bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: «Bəs niyə Tiflisdə? Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?» O bizim məlumat məktublarımızı nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi. 1919-cu  ilin  əvvəllərində Azərbaycan  Respublikasının xalq maarif naziri Həmid bəy Şahtaxtinski (əslində nazir müavini idi) Tiflisə gəldi. O, rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi... yaxşı binalar, maddi təminat və s. vəd etdi».

1919-cu il mayın əvvəllərində Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin təsis edilməsi ilə əlaqədar sənədləri və müvafiq tədbirləri hazırlamaq, eləcə də universitetin açılmasını sürətləndirmək üçün Xalq Maarif Nazirliyi nəzdində universitet komissiyasının yaradılması haqqında 8 maddədən ibarət olan əsasnamə qəbul edir.

Komissiyanın 21 may 1919-cu ildə keçirilən birinci iclasında Xalq Maarif Naziri  Rəşid bəy Qaplanov çıxış edərək universitetin  açılması barədə hökumətin  mövqeyinin qəti olduğunu və bütün arzu edənlərin burada  təhsil ala biləcəklərini  bildirir. O göstərirdi ki,  hökumət universitetin açılması və avadanlıqla təchiz edilməsi üçün lazım olan vəsaiti əsirgəməyəcək.

Universitet komissiyası qısa zamanda gərgin əmək sərf edərək böyük, səmərəli işlər görür. Belə ki, onlar may ayının 31-də Bakı Dövlət Universitetinin açılması haqqında bəyannamə, Bakı  şəhərində  Dövlət  universitetinin  təsis  edilməsi  haqqında  qanun layihəsi və ona əlavə edilən izahlı qeydlər, Universitetin nizamnaməsi və 1919-20-ci   tədris   ili   üçün   tarix - filologiya   fakültəsinin tərkibində Şərq şöbəsi olmaqla ştat və smeta layihəsi kimi mühüm sənədləri hazırlayıb Xalq Maarif Nazirliyinə təqdim edirlər.

İyun ayının axırlarında vaxtdan səmərəli istifadə edən universitet komissiyası Maarif Nazirliyinə təqdim etdiyi qanun layihəsi əsasında universitetin təşkili, qurulması və avadanlıqla təchiz edilməsi üçün ona 3,5 milyon manat ayrılmasını xahiş edir. Universitetin açılmasına böyük əhəmiyyət verən hökumət Maarif Nazirliyindən qısa müddətdə gələn bu sənədi o dövrdə ciddi maddi sıxıntı keçirməsinə baxmayaraq həmin vəsaiti hətta artırıb 5 milyona çatdırır.

Hökumətin qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust aylarında əvvəlcə parlamentin qanunvericilik, büdcə-maliyyə komissiyalarında və parlamentdə təmsil olunan partiyaların fraksiyalarında qızğınlıqla müzakirə olunur. Bu müzakirələr zamanı aydın olur ki, ictimaiyyətin, hökumətin və həm də parlamentin içərisində universitetin açılmasının əleyhdarları da var. Universitetin açılmasına qarşı çıxanlar belə hesab edirdi ki, tədrisin rus dilində aparılması buraya dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma  təbliğatı aparmaq imkanı verəcək. Onların fikrincə (bu alimlər tələbələrə elm öyrətməkdən daha çox missionerlik edərək çarizmin milli siyasətini təbliğ edəcəklər. Bu amili əsas göstərərək onlar milli kadrlarımızın yetişməsinə qədər gözləməyi məsləhət görürdülər. Qeyd edək ki, bu diskussiya parlamentin komissiyalarında, plenar iclaslarında, mətbuat səhifələrində, siyasi partiyalarda, hətta hökumətdə də aparılırdı. Tədrisi rus dilində olacaq universitetin açılmasının əleyhdarları tələbə gənclər arasında da fəal təbliğat işi aparırdı. Bu cəhətdən xüsusilə «İttihad»,  “Əhrar”, “Müsəlman sosialist bloku” daha çox fərqlənirdi. Mətbuatda rus dilində olan universitetin açılmasına mənfi münasibət bəsləyən yazılar və gənclər qrupunun qəbul etdiyi qətnamələr  çap edilməyə başlayır. Hətta belə təkliflər də səslənir ki,  Azərbaycan üçün universitet yaratmaq əvəzinə,  müəyyən sayda gənci təhsil almaq üçün Qərbi Avropaya göndərmək daha sərfəlidir. Göründüyü kimi,  bu zaman universitetin bir mədəniyyət ocağı kimi bütün bölgə üçün əhəmiyyəti, həm də onun təkcə himayəsi və maddi imkanı olan bir qrupa deyil, maariflənmək, çiliklərə yiyələnmək, dünya mədəniyyətinə qovuşmaq arzusunda olanların hamısına xidmət göstərəcəyi ya unudulur, ya da qəsdən  yada salınmırdı. Hər bir halda bunun təsadüfi deyil, qəsdən müəyyən qüvvələr tərəfindən yönəldilən bir proses olduğunu bu gün aydın görmək olur və buna heç bir şübhə qalmır.

Vəziyyətin belə olduğunu görən universitet komissiyasının sədri V.İ.Razumovski hökumətin, parlamentin nüfuzlu üzvləri və ictimaiyyət arasında  söz sahibi olan qabaqcıl  ziyalılarla görüş keçirib onları əmin edir ki, yeganə məqsədləri gənclərə elm öyrətməkdən ibarət olacaq.

Universitetin əleyhinə olan əsassız iddialar mütərəqqi və uzaqgörən parlament üzvləri və  qabaqcıl ziyalılar tərəfindən  qətiyyətlə rədd edildi.  Onlar elmin milli deyil, həmişə beynəlmiləl dəyərlərə  söykəndiyini, milli ziyalılarımızın  böyük əksəriyyətinin  Rusiyada təhsil aldıqlarını, lakin onların ruslaşmadıqlarını  əsaslandıra bildilər”.

İftixarla deə bilərik ki, Azərbaycan elm və maarifinin ilk milli məbədini  yaratmaq yolunda böyük maneə və çətinliklər olmasına baxmayaraq, milli hökumət və heç bir çətinlikdən qorxmayan ziyalılarımız bu işi uğurla başa çatdırmışlar. Üç aylıq gərgin müzakirələrdən sonra  Azərbaycan parlamenti  1919-cu il sentyabrın 1-də ictimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidməti olan ilk universitetin açılması haqqında bütün çətinliklərə, maneələrə baxmayaraq, qanun qəbul edir.

«Bakı şəhərində dövlət universitetinin təsis  edilməsi haqqında” adlanan on maddədən ibarət bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində göstərilirdi  ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın  birindən açılmış hesab olunur. İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun 2-ci maddəsinin 2-ci bəndində göstərilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir.

1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir. Bu xəbər xalqımızda, o cümlədən ziyalılar, ictimai-siyasi xadimlər arasında böyük razılıqla qarşılanır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı 94 yaşlı Bakı Dövlət Universiteti lider mövqeyini qoruyub saxlayır və ali təh­si­lin, el­min tə­rəq­qi­si na­mi­nə əvəz­siz xid­mət­lərini davam etdirir…

PƏRVANƏ İBRAHİMOVA,
Modern.az, 15 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!